Diz artroskopiyası da diz oynağının qığırdağının, ön və arxa çarpaz bağlarının, içəri və bayır menisklərin, diz qapağı qığırdaq və bağlarının xəstəliklərində qapalı və miniaçıq əməliyyatlarının aparılmasında tətbiq edilən cərrahi bir metoddur.
Əgər xəstədə diz oynağında artroskopiya vasitəsilə aradan qaldırıla biləcək bir xəstəlik varsa, xəstə əvvəlcə ümumi əməliyyatdan əvvəl hazırlıq prosedurlarından keçirilir, qanın laborator müayinəsi, ağciyərlərin və ürəyin müayinəsi anestezioloq tərəfindən aparılır. Əgər aparılan müayinələrdə hər hansı bir həyati vacib problem yoxdursa, diz artroskopiyası əməliyyatının icrasına qərar verilir.
Diz oynağındakı problemin ciddiliyindən və hansı anatomik strukturun xəstəlikli vəziyyətdə olmasından asılı olaraq əməliyyat müddəti ortalama 30 dəqiqə ilə 3 saat arasında dəyişir.Məsələn, əgər menisk yırtığına bağlı diz artroskopiyası edilirsə bu müddət ən az, bir diz bağ yaralanmasına bağlı tətbiq edilirsə o zaman əməliyyat müddəti nisbətən uzun çəkəcəkdir. Əməliyyat çox hallarda spinal anesteziya deyilən ``beldən ağrısızlaşdırmaqla`` aparılır. Çox nadir hallarda ümumi anesteziya (narkoz) edilir.
Əməliyyat qurtardıqdan sonra həkim diz içərisinə drenaj məqsədilə silikon boru yerləşdirir. Ertəsi səhər silikon drenaj boru çıxarılır və xəstə həkim və ya fizioterapevt müşahidəsilə yeridilir, idman hərəkətləri öyrədilir. Bu əməliyyat sonrasında xəstələrin normal həyata qayıtması çox qısa zamanda olur.
Diz artroskopiyası hansı səbəbdən edilməsindən asılı olmayaraq, xəstə həkimin ona verdiyi hər bir tapşırığı diqqətli şəkildə yerinə yetirməlidir. Bəzi xəstələrə isə fizioterapiyadan keçmələri istənilir. Xəstələr artroskopiya sonrasında kontrollarını əməliyyatı icra edən cərraha (həkimin təyin etdiyi müddətdə) nizamlı şəkildə gəlməlidirlər.